Kürdəmirdə Gənclər Günü ilə əlaqədar tədbir keçirilib
Kürdəmir rayonunda 2 fevral - Gənclər Günü münasibətilə rayonun təhsil müəssisələrində işləyən gənc müəllimlərin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib.

ATİAHİ Kürdəmir rayon komitəsi və rayon Təhsil sektoru tərəfindən təşkil olunan tədbirdə komitənin sədri Cəbrayıl Cəbrayılov, Təhsil sektorunun müdiri Rəfael Məmmədov, sektorun məsləhətçisi Əli Əliyev, 3 №-li məktəbin müəllimi Aysel İsrəfilova, Karrar qəsəbə tam orta məktəbin müəllimi Emil Cavadov çıxışlar ediblər.

Bildirilib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Qeyd olunub ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gənclərinin həyatında əlamətdar bir hadisə idi. Nazirlik ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirməklə bu sahədə vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Bu da gənclərin cəmiyyətin həyatında rolunun artmasında, ölkənin gələcək inkişafında onların iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında mühüm rol oynayır. Vurğulanıb ki, 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanan Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. O vaxtan başlayaraq hər il ölkəmizdə Gəncləri Günü təntənəli şəkildə qeyd olunur.

Çıxışların ardından bir qrup fəal gəncə rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.

 
 


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo